"Cəbhədə istifadə olunan sursatın 43 faizi Ukrayna istehsalıdır" - Müdafiə naziri

10:50 25.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın müdafiə naziri Rustem Umerov Müdafiə Nazirliyinin yerli şirkətlərə 4 milyard dollarlıq dəstək verməklə ölkənin müdafiə sənayesini rekord səviyyədə inkişaf etdirdiyini bildirib.

Hafta.az-ın yazdığına görə, “Forbes Ukraine”də dərc olunan müsahibəsində Rustem Umerov bir illik vəzifədə olduğu müddətdə Ukrayna müdafiə sənayesində atılan addımlar haqqında məlumat verib. Umerov “Hazırda cəbhədəki hər 2 güllədən biri Ukraynada istehsal olunur. 2023-cü ildə cəbhə xəttində istifadə edilən Ukrayna istehsalı olan sursatların payı 18 faiz olduğu halda, 2024-cü ildə bu pay 41 faizə yüksəlib” deyib.

Ukraynanın bir il ərzində uzaq mənzilli imkanlarını bir neçə dəfə artırdığını bildirən nazir, “2024-cü ildə təkcə Müdafiə Nazirliyi 21 milyard qrivnadan çox dəyərində pilotsuz uçuş aparatı müqaviləsi və 9 milyard qrivna dəyərində sursat müqaviləsi imzalayıb. Dövlət Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi Xidməti ilə birlikdə ordumuz üçün bir milyondan çox pilotsuz uçuş aparatı almışıq” deyə bildirib.

Ukrayna pilotsuz uçuş aparatlarının cəbhədə özlərini çox yaxşı göstərdiyini bildirən Umerov deyib: “Bu gün Ukrayna pilotsuz uçan aparatları min kilometrdən çox uzaqlara uça bilir. Murmansk və Povoljyeyə çatmaq, Rusiya neftayırma zavodlarını və hava bazalarını məhv etmək asanlaşıb. Ukrayna dünyada “dron sürüsü” texnologiyasını tətbiq etməyə başlayan ilk ölkə oldu. Təkcə ötən il biz düşmən ərazisində 200-dən çox hərbi obyekti məhv edə və ya zədələyə bildik. Bunlara nəzarət məntəqələri, hava limanları, gəmilər, hava hücumundan müdafiə sistemləri və Rusiya hərbi qulluqçularının yerləşdiyi yerlər daxildir. Biz düşməni öz təyyarələrini sərhəddən 250 kilometr uzaqlıqdakı aerodromlara keçirməyə məcbur etdik”.

Bununla belə, Ukraynanın Rusiya Qara Dəniz Donanmasını Krımdan Krasnodarsk bölgəsinə çəkməyə məcbur etdiyini xatırladan Umerov, “Biz tam donanma olmadan bir il ərzində 10 rus gəmisi və bir sualtı qayığı məhv etdik. “Müdafiə Nazirliyinin DELTA hərbi proqram təminatı sayəsində biz 15 milyard dollar dəyərində Rusiya hərbi texnikasını məhv edə bildik” deyib.